REGİONLAR


Fuad Hüseynov: Cocuq Mərcanlının bərpası Böyük Qayıdışa şübhə ilə yanaşanlara ən tutarlı cavabdır VİDEO

Cəbrayıl, 9 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Bəzi beynəlxalq təşkilatlar uzun illərdən sonra qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqlarına şübhə ilə yanaşırlar. Amma onlar unudurlar ki, biz azərbaycanlılar torpağa bağlı xalqıq. Artıq 200-dən çox Cocuq Mərcanlı sakini doğma kəndlərinə qayıtmaq üçün ərizə ilə müraciət edib. Bu, Böyük Qayıdış konsepsiyasına şübhə ilə yanaşanlara ən tutarlı cavabdır.

Bunu AZƏRTAC-a müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Prezident İlham Əliyevin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bu günlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə təşkil olunmuş səfər zamanı xarici kütləvi informasiya vasitələrinin nümayəndələri erməni vəhşiliyini öz gözləri ilə görüblər.

Fuad Hüseynov erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında belə səfərlərin əhəmiyyətini vurğulayaraq, kəndin bərpası istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. “Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 evin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə 150-200 evin tikintisi və bərpası nəzərdə tutulur. Hazırda kənddəki bütün evlərin sənədləşdirilməsi işləri aparılır”, - deyə Fuad Hüseynov qeyd edib.

İndiyədək Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlər üçün 95 yeni qəsəbə və yaşayış kompleksinin salındığını, 250 min qaçqın və məcburi köçkünün yeni mənzillərə köçürüldüyünü vurğulayan komitə sədrinin müavini deyib: “Cocuq Mərcanlıda tikiləcək evlərin fərqi ondan ibarətdir ki, insanlar öz doğma torpaqlarında yaşayacaqlar. İnşa olunacaq mənzillər onların mülkiyyətinə veriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.