CƏMİYYƏT
Fuad Hüseynov: Ümummilli Lider Azərbaycanda sosialyönümlü siyasətin təməlini qoyub

Bakı, 8 iyun, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən biri də 1993-cü ildə xalqımızı gözləyən humanitar fəlakətin qarşısını alması oldu. Müasir Azərbaycanın qurucusu olan Ümummilli Lider ölkəmizdə sosialyönümlü siyasətin təməlini qoydu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov jurnalistlərə müsahibəsində deyib.
Sədr müavini diqqətə çatdırıb ki, keçmiş qaçqın və məcburi köçkünlərin sosial problemləri Ulu Öndər Heydər Əliyevi daim narahat edirdi.
"Ulu Öndər keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza yaradılmasına nail olmuşdu. Bu istiqamətdə onun imzası ilə fərman və sərəncamlar verilib, dövlət proqramları və qanunlar təsdiqlənib. Məhz Ulu Öndərin rəhbərliyi altında keçmiş qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi sahəsində ciddi addımlar atılıb", - deyə Fuad Hüseynov vurğulayıb.
Bildirilib ki, bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq torpaqlarımız azad olunub və vətəndaşlarımız öz doğma yurdlarına qayıdırlar.