SİYASƏT
Fuad Muradov: ATƏT DTİHB-nin müşahidə missiyası qərəzli hesabat yaymaqla Azərbaycan xalqının iradəsinə qarşı çıxdı
Bakı, 14 aprel, AZƏRTAC
Bir neçə gün əvvəl Azərbaycanda prezident seçkiləri keçirildi və seçicilər İlham Əliyevə yenidən etimad göstərdilər. Xalqımız seçkilərə bayram əhval-ruhiyyəsi ilə qatıldı, Azərbaycanın gələcəyinə, sabitliyinə səs verdi. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi, liderimizin xalqla birliyini qəbul edə bilmirlər. Güclü Azərbaycan onları çox narahat edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib. O qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyası seçkilərlə bağlı rəyi ilə qərəzli yanaşmasını bir daha ortaya qoydu. Bunu hətta Azərbaycana qarşı təxribat kimi də qiymətləndirmək olar. Belə münasibət ancaq təəssüf hissi doğurur. Heç kim zəmanət verə bilməz ki, belə təxribatlar başqa formalarda davam etdirilməyəcək.
Milli Məclisin komitə sədri deyib ki, Azərbaycan dünyaya açıq ölkədir, istər beynəlxalq təşkilatlar olsun, istərsə də ayrı-ayrı ölkələr, onların hər biri ilə əməkdaşlıqda maraqlıdır. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının seçkilərə dəvət olunması da bu siyasətin tərkib hissəsi idi. Bu missiyanın seçkiləri izləmək, səsvermə günü prosesləri yaxından izləyib obyektiv rəy vermək üçün zaman və imkanı var idi. Çox təəssüf ki, onlar nəinki obyektiv mövqe nümayiş etdirdilər, əksinə, imitasiya ilə məşğul oldular. Onlar bu cür yanaşma ilə bütövlükdə xalqımızın seçiminə, iradəsinə qarşı çıxırlar. Missiyanın bəyanatı onun üzvlərinin seçkilərdən tam məlumatsız olduqlarını göstərdi.