SİYASƏT


Fuad Muradov: Diaspor gənclərinin vətənpərvərlik hissinin gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçirilir VİDEO

Şuşa, 2 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün gözəl və azad Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi keçirilir. Bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev Fondunun, Gənclər Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşdırılır. Əsas məqsədimiz Prezident İlham Əliyevin dediyi kimi, gənclərimizi Azərbaycan həqiqətləri ilə tanış etməkdir. Buradakı gənclərin əksəriyyəti xarici ölkələrdə yaşayırlar. Biz çalışmalıyıq ki, onları Azərbaycanda gedən proseslərlə yaxından tanış edək. Diaspor gənclərinin vətənpərvərlik hissinin gücləndirilməsi üçün ölkəmizlə bağlı müxtəlif layihələr təşkil olunur və onlar bu təşəbbüslərə fəal şəkildə qoşulurlar.

AZƏRTAC xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışında jurnalistlərə açıqlamasında söyləyib.

Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsinin 2018-ci ildən həyata keçirildiyini vurğulayan Komitə sədri bu il də layihəyə böyük marağın olduğunu, 500-dən çox müraciətin ünvanlandığını bildirib.

“Yay Düşərgəsi ərzində şəhid ailələrinin üzvləri, qazilər, Şuşa fatehləri ilə görüşlər təşkil olunacaq. Eyni zamanda, gənclər Şuşa ilə yanaşı, işğaldan azad edilən digər şəhər və kəndlərimizə də səfər edəcək, oradakı şəraitlə tanış olacaqlar. Həmçinin onlar bir həftə ərzində yaşadıqları ölkələrin müxtəlif dövlət qurumlarına, parlamentlərinə, ölkə başçılarına müraciət edəcəklər. Müraciətlərdə ermənilərin otuz ilə yaxın müddətdə işğal altında saxladıqları bu ərazilərdə törətdikləri vandalizm aktları diqqətə çatdırılacaq”, - deyə Komitə sədri bildirib.

F.Muradov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə səfərlərin intensivləşdirilməsini, bu ərazilərə daha çox soydaşlarımızın gəlməsini və onların burada baş vermiş proseslərin dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə diqqət mərkəzində saxlayır. Şuşada həyata keçirilən hər bir tədbir vacibdir. Azərbaycanın mədəniyyət paytaxtı xalqımızın mübarizliyinin rəmzidir.

“Diaspor hərəkatının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Biz çalışmalıyıq ki, harada yaşamağımızdan asılı olmayaraq, dövlətçiliyimizi, müstəqilliyimizi hər zaman qoruyub saxlayaq”, - deyə F.Muradov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.