İQTİSADİYYAT


Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır. Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan xüsusi diqqət və qayğısından xəbər verir. Qısa fəaliyyəti dövründə turizm sahəsinin inkişafı istiqamətində bir sıra işlər görən agentlik hazırda yeni layihələrin reallaşmasına çalışır. Bu günlərdə geniş ictimaiyyətə təqdim olunacaq Azərbaycanın yeni turizm brendi bu qəbildəndir. Yeni turizm brendinin təqdimatı, eləcə də Milli Turizm Sammiti ərəfəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev AZƏRTAC-a geniş müsahibə verib. Müsahibəni təqdim edirik:

-Oktyabrın 18-də Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın ilk turizm sammiti təşkil olunacaq. Tədbirdə hansı məsələlərdən danışılacaq?

- Bildiyiniz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il aprelin 20-də Dövlət Turizm Agentliyi yaradılıb. Bununla da dövlət başçısı tərəfindən Azərbaycanın yeni turizm sənayesinin inkişaf etdirilməsinə cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanının əsası qoyulub. Ötən yarım il ərzində agentliyin strukturu formalaşdırılıb və ölkə başçısının tapşırıqlarının həyata keçirilməsinə başlanılıb. Bunların içərisində ölkənin turizm brendinin hazırlanması və təkmilləşdirilməsi önəmli yer tuturdu.

Sammitin gündəliyində 3 əsas mövzu var. Sammitdə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin, ümumilikdə 1500-dən çox nümayəndənin iştirakı gözlənilir. Tədbirdə Dövlət Turizm Agentliyinin və agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosunun kollektivini təqdim edəcəyik.

Çalışdıq ki, dövlət başçısının tapşırıqlarını həyata keçirmək üçün dinamik, kreativ, enerji və yeni ideyalarla dolu gənclərdən ibarət bir komanda yığaq. Bu gənc komandanın əksəriyyət üzvlərinin təhsil səviyyəsi yüksəkdir, onlar xarici dövlətlərin turizm sahəsi üzrə qabaqcıl təcrübələri ilə tanışdırlar. Eyni zamanda, biz bu sahə üzrə mütəxəssis olan təcrübəli xarici ekspertləri də işə cəlb etmişik.

Sammitdə Azərbaycanın yeni turizm brendi təqdim olunacaq. Ölkə başçısının qərarı ilə turizm iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirildiyindən, o dövlət əhəmiyyətli sənaye sahəsi və biznesdir. Ölkə rəhbərliyi turizm sahəsinin inkişafına xüsusi diqqət ayırır. Məhz bu ticarət markası ilə yaxın illərdə ölkəmiz kompleks turistik məhsullar və xidmətlərlə bu sahədə öz yerini möhkəmləndirəcək. Bütün bunlar isə dövlətin büdcəsinin formalaşdırılmasına, əlavə iş yerlərinin açılmasına, əhalinin geniş kəsiminin gəlirlərinin artmasına kömək edəcək. Brend həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə hazırlanıb. İşin əsas hissəsi brendinq üzrə dünyaca tanınmış şirkət, uzun illər bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, korporasiya və dünya miqyaslı tədbirlərin brendinqini həyata keçirən “Landor Associates” şirkəti tərəfindən hazırlanıb.

Tədbirdə brendin təşviqi konsepsiyasını, qlobal bazarlarda, eləcə də müxtəlif regionlar və ölkələrdə onun tanıdılması strategiyasını təqdim edəcəyik. Azərbaycana yaxın illərdə turistlərin cəlb edilməsi üçün 18 prioritet bazar müəyyən olunub. Bu ölkələr içərisində Körfəz ölkələri, Çin, Yaponiya, Koreya Respublikası, Qərbi Avropa ölkələri, İsrail, o cümlədən yaxın qonşularımız da var. 2018-ci ilin sonuna qədər Azərbaycanın artıq bir neçə ölkədə rəsmi turizm nümayəndəlikləri açılacaq. Bu proses 2019-cu ildə də davam edəcək. Bunlar sammitin əsas gündəliyinə daxil olan məsələlərdir.

- Azərbaycanın turizm sənayesinin inkişaf strategiyası qarşısında hansı məqsədlər qoyulub?

- 2016-cı ilin sonunda dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələr müəyyən olunub. Burada əsas məqsəd turizm sənayesinin effektiv fəaliyyətinin təmin olunmasıdır. Turizm sahəsi ölkənin və əhalinin formalaşan gəlirlərinə öz töhfəsini verməlidir. Bizim proqnozlara əsasən yaxın 10 il ərzində ÜDM-in 10 faizi turizm sahəsinin payına düşəcək. Bunun üçün, ilk növbədə, əvvəlki illərdə görülən işləri yenidən nəzərdən keçirərək sistemləşdirmək, həmçinin dövlət orqanları ilə biznes qurumları və ictimai qurumlar arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasına çalışmaq lazımdır.

Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində ötən illər ərzində bir sıra mühüm addımlar atılıb. Müvafiq infrastruktur yaradılıb, bazarın bu və ya digər iştirakçılarının fəaliyyəti üzrə, eləcə də xarici vətəndaşların ölkəyə daxil olması istiqamətində vacib qərarlar qəbul edilib.

Son illərdə Azərbaycan öz qapılarını ziyarətçilər üçün tam açıb və indi qarşıya qoyulmuş məqsədlərə çatmaq, ən əsası isə ölkəyə turist axınını artırmaq zamanıdır. Ən önəmli məsələlərdən biri də turistlərin məmnunluğunu artırmaq, onların ölkəyə yenidən qayıtmasına nail olmaqdır. Turisti ölkəyə cəlb etmək kifayət deyil, onun gözləntilərini qarşılamaq və yenidən ölkəyə səfər etməsini təmin etmək lazımdır. Bunun üçün kadr potensialını inkişaf etdirmək, insanlarımızı maarifləndirmək, əlavə infrastrukturlar yaratmaq, bazarın əsas iştirakçılarının fəaliyyətində şəffaflığı təmin etmək, azad rəqabət şəraiti formalaşdırmaq lazımdır. Bütün bu məsələlər Azərbaycanın turizm sənayesinin yaradılması və inkişafı strategiyasında öz əksini tapacaq.

- Dövlət Turizm Agentliyi tərəfindən turizm sahəsində bir sıra assosiasiyaların, o cümlədən Hotellər Assosiasiyasının yaradılacağı haqqında məlumat paylaşılıb. Bu cür təşkilatların sənayeyə hansı müsbət təsirləri ola bilər?

- Biz sağlam rəqabət mühitinin yaradılmasına kömək edəcəyik. Bu, bütün strukturların qarşılıqlı faydalı əlaqəsinin effektivliyini artıracaq, optimal qiymətlərin formalaşmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə kömək edəcək. İctimai təşəbbüsləri dəstəkləyirik və hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün çox önəmlidir.

Hotellər Assosiasiyasının yaradılması təşəbbüsünü də dəstəkləyirik. Bu assosiasiyanın qeyd olunan sahədə dünya standartlarını, o cümlədən “ulduz” dərəcəsini müəyyənləşdirən Avropa hotellər, kafe və restoranlar assosiasiyasına üzv olması nəzərdə tutulur. Bu baxımdan Azərbaycan Bələdçilər Assosiasiyasının fəaliyyəti də xüsusilə rola malikdir. Biz bələdçilərə təlimlərin keçirilməsi və onların sertifikatlaşdırılması işində köməklik göstərəcəyik. Kadr çatışmazlığı, eyni zamanda, bəzən turistlərə Azərbaycan haqqında qeyri-peşəkar, təsdiqlənməmiş və ya səhv məlumatlar verilməsi kimi amillər bu məsələnin vacibliyini daha da artırır.

İctimaiyyətdən biz xeyli müraciətlər alırıq və fikirləşirik ki, nə qədər çox insan məlumatlı olarsa, o qədər çox ixtisaslaşmış struktur prosesə cəlb olunar. Bununla da məsələlərin daha effektiv həllinə nail olmaq olar. İctimai nəzarət inhisardan uzaq tutulmalıdır.

- Turizm sahəsində fəaliyyət göstərən şirkətlərə lisenziyaların verilməsi qaydasının bərpa olunmasına ehtiyac varmı?

- Bu sahədə lisenziyaların verilməsi 2015-ci ildə ləğv olunub. Məhz həmin illərdə Azərbaycana “gəlmə turizm” inkişaf etməyə başlayırdı. Ancaq sözsüz ki, inkişafın hər yeni mərhələsi yeni yanaşma, göstərilən xidmətin keyfiyyətinin artırılmasına yeni qaydaların tətbiq olunmasını tələb edir. Hazırda Azərbaycanda turizm sahəsində 2000-dən çox fiziki və hüquqi şəxs fəaliyyət göstərir. Ancaq bazarda turistlərə lazımi səviyyədə xidmət göstərən həqiqi professional iştirakçıların sayı bu rəqəmdən daha azdır. Əsas məqsədləri birdəfəlik daha çox gəlir əldə etmək olan xeyli sayda şirkət var ki, onlar turistlərə tam keyfiyyətdə xidmət göstərmək iqtidarında deyillər. Bu kimi şirkətlər turizm sahəsinə və bütövlükdə ölkə imicinə böyük zərbə vururlar. Göstərilmiş xidmətdən narazı qalan turist isə konkret şəxsi deyil, bütövlükdə Azərbaycanı tənqid edir. Bu isə yolverilməzdir.

Hazırda bu sahədə dövlət nəzarətinin təmini mexanizmi üçün iki yanaşma üzərində işləyirik. Bu ya dövlət reyestri, ya da xüsusi icazələrin verilməsi mexanizmi ola bilər. Bu sahə artıq formalaşmağa başlayır və onun sistemləşdirilməsinə, strukturlaşdırılmasına ehtiyac yaranır.

- Kadr potensialının inkişafı necə planlaşdırılır? Dövlət Turizm Agentliyinin strukturunda olan təhsil bazası bunun üçün kifayət edirmi?

- Agentliyin strukturuna Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci daxildir. Hazırda onlar bazarın tələblərinin yalnız bir hissəsini ödəmək iqtidarındadırlar. İlk olaraq, bu təhsil müəssisələrində effektivliyin artırılması, onların beynəlxalq təhsil standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar keçiriləcək. Daha sonra onların fəaliyyəti əsasında özəl biznes sahəsi üçün kadrların real hazırlıq imkanlarını təqdim etməliyik ki, biznes sahəsi də qeyd olunan prosesin maliyyələşdirilməsi üçün əlavə resurslar sərf edə bilsin. Əlbəttə, bu sahədə biznes sektoru ilə əməkdaşlıq edəcəyik. Əvvəlcə biz mövcud olan potensialı yaxşılaşdırmalıyıq.

- Azərbaycanın regionlarında çoxlu tematik festivallar keçirilir. Onların təşkil olunması istiqamətində mərkəzləşdirilmiş yanaşmaya ehtiyac varmı?

- Bizim mütəxəssislər bu məsələnin həlli yollarını araşdırırlar. Bu sahədə prioritetləri müəyyənləşdirməliyik. Artıq icra olunmuş və icrası planlaşdırılan fəaliyyətlərin faydalılığı, effektivliyi analiz olunmalıdır. Dövlət bu kimi tədbirlərin keçirilməsinə dəstək verir. Ancaq əsas güc biznes sahəsinin üzərinə düşür. Festivallara sanki investisiya layihələri kimi baxmaq lazımdır. Onlar birdəfəlik tədbir xarakteri daşımamalıdırlar. Həmçinin bu prosesin sistemləşdirilməsinə ehtiyac var.

- Hazırkı mərhələdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma işləri aparılır. İşlər nə zaman yekunlaşacaq? Daha hansı qoruqlarda yenidənqurma işləri aparılacaq?

- Dövlət Turizm Agentliyinin tabeliyinə 7 qoruq - “Yanardağ” qoruğundan başqa bura “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqları daxildir.

2018-ci ilin iyulunda “Yanardağ”ın rekonstruksiyası üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Məqsəd “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılmasıdır. Artıq işlərə start verilib. İşlərin yekunlaşdırılması 2019-cu ilin yazına –“Novruz” bayramına planlaşdırılır.

Eləcə də ölkə başçısı agentliyə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mövcud vəziyyətlə bağlı ətraflı arayışın, qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrinin, qoruğun idarə edilməsi ilə bağlı təkliflərin hazırlanması barədə tapşırıq verib.

Bizim mütəxəssislər hazırda böyükmiqyaslı işlərin həyata keçiriləcəyi digər beş qoruqda da cari vəziyyətlə tanış olurlar. Həmin ərazilərin tarixi-mədəni irsinin qorunması ilə ərazilərin turistlər üçün, eləcə də özümüz üçün daha cəlbedici məkana çevrilməsi əsas məqsədlər sırasında dayanır. Prinsip etibarilə bu, ölkənin bütöv turizm sahəsi üçün universaldır. Oktyabrın 18-də Milli Turizm Sammitində, daha sonra isə noyabrın 4-də Londonda - Beynəlxalq Səyahətlər Bazarında təqdim olunacaq yeni turizm brendi bu ideyalara əsaslanır. Bu, ölkəmizin turizm imkanlarına və füsunkar gözəlliyinə yenidən nəzər salmaq və daha geniş coğrafiyada təqdim etmək üçün bir fürsətdir.

-Geniş müsahibəyə görə minnətdarıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.