REGİONLAR


Fuad Qarayev: Təhsil müəssisələri elmli, eyni zamanda, sağlam düşüncəli insanlar yetişdirməlidir

Şəki, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

İstedadlı uşaqların üzə çıxarılması, onların elmi potensiallarının inkişaf etdirilməsi məqsədilə son illər Təhsil Nazirliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Bakıda fəaliyyət göstərən fizika, riyaziyyat və informatika, həmçinin kimya-biologiya təmayüllü liseylərin məzunlarının istər 9-cu siniflərin buraxılış, istərsə də ali məktəblərə qəbul imtahanlarındakı uğurlu nəticələri, həmçinin həmin liseylərdə təhsil alan şagirdlərin respublika və beynəlxalq fənn olimpiadalarında əldə etdiyi nailiyyətlər bizi ürəkdən sevindirir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəkidə Kimya-biologiya təmayüllü Respublika liseyinin filialının açılış mərasimində iştirak edən Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Bölgələrdə də xeyli sayda istedadlı uşaqların olduğunu vurğulayan şöbə müdiri bildirib ki, əsas məqsəd bölgə məktəblilərinin də belə imkanlardan istifadə etmələrinə şərait yaratmaqdır: “Sadəcə, istedadlı uşaqları aşkar etmək və üzə çıxarmaq lazımdır. Elə bu məqsədlə də Təhsil Nazirliyi tərəfindən respublikanın dörd bölgəsində lisey siniflərin təşkil edilməsinə qərar verilib. Ən böyük arzumuz və hədəfimiz Şəki, Gəncə, Quba və Şirvanda açılan liseylərin gələcəkdə müstəqil şəkildə “istedadlar liseyi” adı altında fəaliyyət göstərmələrinə nail olmaqdır”,- deyə Fuad Qarayev bildirib.

Lisey siniflərin tədris planları və proqramının da xeyli fərqləndiyini vurğulayan şöbə müdiri qeyd edib ki, belə siniflərdə şagirdlərə daha fərqli və keyfiyyətli, beynəlxalq standartlara uyğun tədris prosesi təqdim olunur. Ayrı-ayrı mütəxəssislər tərəfindən tərtib edilən tədris proqramları Təhsil nazirinin xüsusi əmri ilə təsdiqlənir. Diqqətə çatdırılıb ki, liseydə dərs deyəcək müəllimlər üçün ildə bir neçə dəfə seminarlar təşkil ediləcək. Seminarlara yerli və xarici mütəxəssislər cəlb olunacaq. Şagirdlər üçün həftəlik dərs yükü 34-35 saat təşkil edəcək.

Fuad Qarayev deyib: “Təhsil müəssisələri yalnız elmli deyil, eyni zamanda, sağlam düşüncəli, ruhən və əqidəcə sağlam insanlar yetişdirməlidirlər. Ona görə də, milli-mənəvi dəyərlərə sadiq, elmi və fiziki cəhətdən sağlam şagirdlərin yetişdirilməsi əsas hədəfimizdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.