CƏMİYYƏT
Fuad Quliyev: Bədxassəli şişlərin aşkar edilməsi məqsədilə profilaktik tibbi müayinə keçən vətəndaşların sayı artır
Bakı, 16 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Müasir dövrdə tibbin digər sahələrində olduğu kimi, onkologiyada da həkimlər həm ömrün uzadılması, həm də həyatın keyfiyyətinin yaxşılaşdırılması qeydinə qalırlar.
AZƏRTAC xəbər verir ki, Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini Fuad Quliyev bu fikirləri jurnalistlərə müsahibəsində söyləyib.
MOM direktorunun müavini deyib: “Təəssüf ki, bütün dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstələrin sayı artmaqdadır. Bununla əlaqədar bu gün MOM qarşısında duran mühüm məsələlərdən biri insanları onkoloji xəstəliklər barədə məlumatlandırmaqdır. Artıq bir neçə ildir ki, bizim mərkəz respublikamızın paytaxtında və regionlarda silsilə maarifləndirmə tədbirləri keçirir”.
F.Quliyev Bakıda keçirilən III Beynəlxalq Uroonkologiya Simpoziumu barədə söhbət açaraq deyib ki, belə tədbirlərin keçirilməsi onkoloji xəstəliklər, onların profilaktikası, diaqnostikası və müalicəsi barədə ictimaiyyətin məlumatlandırılma səviyyəsini artırmaq baxımından çox səmərəlidir. Nəticədə bədxassəli şişlərin aşkar edilməsi məqsədilə profilaktik tibbi müayinə keçən vətəndaşların sayı artır. Əlbəttə, bu bizi çox sevindirir.
Xatırladaq ki, bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə III beynəlxalq uroonkologiya simpoziumu keçirilib. Simpoziumda onkoloji xəstəliklərin müalicəsində müasir yanaşmaların rolu, o cümlədən urologiya və onkologiya sahəsində yeniliklər, aktual problemlər müzakirə edilib. Uroonkologiyaya həsr edilmiş beynəlxalq tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı Türkiyə, Almaniya, Niderland, Rusiya, Ukrayna, Belarus və Gürcüstan nümayəndələri də uroloji xəstəliklər barədə təqdimatlarla çıxış ediblər.
Simpozuim iştirakçıları tibb elminin müxtəlif aktual problemlərini, uoronkologiyanın qarşısında duran vəzifələri müzakirə edib, yeni texnologiyaların tətbiqinə dair təcrübə mübadiləsi aparıblar.