İDMAN


Fudokan üzrə Sumqayıt şəhər birinciliyi və çempionatı keçirilib

Bakı, 17 may, AZƏRTAC

Sumqayıt Şəhər İdman Olimpiya Kompleksində şəhər gənclər və idman baş idarəsi və Dünya Fudokan Federasiyasının (DTF) Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə fudokan üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş birinci açıq Sumqayıt şəhər birinciliyi və çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatın təntənəli açılış mərasimində şəhər gənclər və idman baş idarəsinin əməkdaşları, DFF-nin Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət xadimləri, tanınmış idmançılar iştirak ediblər.

Tədbirdə DFF-nin Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və digərləri çıxış edərək bildiriblər ki, belə turnirlərin təşkilində əsas məqsəd Ulu Öndərin zəngin irsinin təbliği, gənclərin bu sahədə biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin rolunun və xidmətlərinin gənc nəslə çatdırılması ilə yanaşı, idmançıların yarış təcrübəsini zənginləşdirmək və fudokan idman növünü təbliğ etməkdir. Qeyd edilib ki, ölkəmizdə dövlət tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində bu sahədə əldə edilən nailiyyətlərin sayı getdikcə artır, təmsilçilərimiz mühüm uğurlar əldə edirlər. Vurğulanıb ki, fudokanın inkişafı istiqamətində görülən işlər sayəsində bu idman növünə yeniyetmə və gənclər arasında maraq getdikcə yüksəlir.

“Bu günün sağlam gənci, dövlətimizin gələcəyi, sabahımızın təminatçısıdır” şüarı altında keçirilən bu turnirdə Bakı, Naxçıvan, Sumqayıt, Xaçmaz, Göyçay, Sabirabad, Ağstafa, Gəncə, Şabran, Abşeron, Qubadlıdan 600-dən çox fudokançı mübarizə aparıb.

Maraqlı mübarizə şəraitində keçən yarışda qalib adını qazanmış idmançılar ümummilli lider Heydər Əliyevin doğum gününün 99-cu ildönümünə xüsusi təsis edilmiş medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, dörd ildən bir keçirilən fudokan üzrə növbəti dünya çempionatı oktyabrın 20-27-də İsveçrədə təşkil ediləcək.

Bu nüfuzlu yarışda idmançılarımız 16 nəfərlik heyətlə DFF-nin Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin və baş məşqçi Bəşir Mahmudovun rəhbərliyi ilə Azərbaycanın idman şərəfini qoruyacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.