CƏMİYYƏT


“Fuji Optical” şirkətinin rəhbəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub

Bakı, 14 may, AZƏRTAC 

Mayın 14-də Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. Bu barədə AZƏRTAC-a komitədən məlumat verilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş həmvətənlərimizin ciddi mənəvi-fiziki zərbəyə, psixoloji sarsıntıya məruz qaldığını, əksəriyyətinin səhhətində problemlər yarandığını qeyd edərək, onlara davamlı və keyfiyyətli tibbi yardım göstərilməsinin vacib olduğunu bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin hər il pulsuz tibbi müayinədən keçirilməsi ənənə halını alıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupu kimi məcburi köçkünlərin sağlamlığının qorunması və bərpası üçün məqsədyönlü iş aparır. Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlərə birbaşa müvəqqəti məskunlaşma yerlərində keyfiyyətli tibbi yardım göstərilməsi üçün aksiyalar təşkil edir. Komitə sədri beynəlxalq qurumların ölkəmizdəki humanitar fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edib. “Fuji Optical”ın 15 ildir həyata keçirdiyi missiyanın mühüm əhəmiyyət kəsb etdiyi, məcburi köçkün və aztəminatlı ailələrə göstərilən optometrik xidmətlərin hər il minlərlə insanın görmə imkanlarını yaxşılaşdırdığı minnətdarlıqla vurğulanıb.

Akio Kanai Azərbaycana missiyanın uğurla həyata keçirilməsinə hökumət səviyyəsində göstərilən lazımi köməyə görə təşəkkürünü bildirib, bu humanitar missiyanın gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Xatırladaq ki, missiyanın ölkəmizdə həyata keçirilməyə başlandığı 2005-ci ildən bu günə kimi 59 min yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar soydaşlarımıza ianə edilib. 31 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb. Bu il isə humanitar missiya tərəfindən bu təbəqədən olan 2400-dək insan müayinə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.