DÜNYA
“Fukusima-1” AES-in ətrafındakı bələdiyyədə təxliyə barədə göstəriş qismən ləğv ediləcək
Tokio, 27 mart, AZƏRTAC
2011-ci ilin martında atom qəzası baş vermiş “Fukusima-1” AES-in ətrafındakı bələdiyyələrdən birində təxliyə barədə göstərişin qismən ləğv ediləcəyi gözlənilir.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat verən sənaye nazirinin müavini Yoşihiko İşozaki həmin rayonda radiasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bildirib. Onun sözlərinə görə, aprelin 10-dan başlayaraq Okuma şəhərinin təqribən 40 faizini əhatə edən iki inzibati rayonda təxliyə barədə göstəriş ləğv olunacaq. Həmin rayonlarda 374 nəfərin qeydiyyatda olduğu və bunun şəhər əhalisinin 3,6 faizini təşkil etdiyi bildirilir.
Hazırda Okuma şəhərinin qanunverici orqanı şəhərdən 100 kilometr məsafədə müvəqqəti binada yerləşib. Təxliyə göstərişinin ləğv ediləcəyi rayonların birində aprelin 14-də qanunverici orqanın yeni binası istifadəyə veriləcək. Onun mayın 7-dən fəaliyyətə başlayacağı gözlənilir.
Şəhərin meri Toşitsuna Vatanabe deyib ki, Okuma şəhərinin ilk addımı atması onu çox qürurlandırır. T.Vatanabe əlavə edib ki, həmin rayonların rahat yaşayış yerinə çevrilməsi üçün mümkün olan bütün addımlar atılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio