DÜNYA
“Fukusima-1” AES-in reaktorunda robot-balıq ərimiş nüvə yanacağının izini aşkar edib
Tokio, 24 iyul, AZƏRTAC
Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru olan “Tokyo Electric Power Co.” (TEPKO) şirkətindən bildirilib ki, AES-in üçüncü reaktorunu təhqiq edən robot-balıq nəhayət, ərimiş nüvə yanacağının izini aşkar edə bilib. Bu tapıntı tarixdə ən böyük atom qəzasının yerini təmizləməkdə mühüm rol oynayacaq.
Sunamidən zərər çəkmiş stansiyanın reaktorunda ilk dəfə olaraq ərimiş nüvə yanacağının izi aşkar edilib. Nüvənin yerləşdiyi yüksək təzyiq konteynerinin aşağı hissəsinə bərkidilən idarəedici milin kənarlarında sırsıralara bənzər obyektlər sallanır. Bu çəndə ilkin olaraq yanacaq millərinin qovşağı yerləşib. 2011-ci il martın 11-də dəhşətli sunamidən sonra stansiyada soyuducu sistem sıradan çıxıb və həmin millər əriyərək konteynerin dibini yandırıb.
Robot-balıq əriyərək beton konstruksiyanın yaxınlığında bərkimiş yüksək təzyiq konteynerində müxtəlif materialların qırıntılarını qeydə alıb. TEPKO şirkətinin nümayəndəsi bildirib ki, əldə edilən görüntülər ərimiş obyektlərin reaktordan çıxdığını deməyə əsas verir. Yüksək temperatura malik yanacaq bir sıra struktur obyektini əridərək kənara axıb. Hazırda o, ərimiş tullantıya çevrilib. Bu cür tullantı korium adlanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio