CƏMİYYƏT
Futbol Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək
Bakı, 7 iyul, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı Qadınlar arasında futbol üzrə Avropa Çempionatına start verib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Avro-2022-nin informasiya potensialından istifadə edilməsinə yönəlmiş “Futbol qlobal hədəflər uğrunda” təşəbbüsü BMT-nin daha ədalətli və ekoloji cəmiyyət qurmağa yönəlmiş planının bir hissəsidir.
“Futbol qlobal hədəflər uğrunda” layihəsi həm də insanların davranışının dəyişməsinə, futbol sənayesində davamlı praktikaların tətbiqinə yönəlib. Bu layihəyə ilk növbədə UEFA – Avropada futbolu idarə edən idman təşkilatı qoşulub. BMT futbol liqalarından və klublarından başlamış oyunçulara, azarkeş təşkilatlarına və media tərəfdaşlara qədər futbol ictimaiyyətinin digər üzvlərini də davamlı inkişaf və insan haqları prinsiplərinin qəbul edilməsi, işgüzar praktikanın davamlı inkişaf məqsədlərinin əhəmiyyətinin artırılması üzrə öhdəliklər götürməyə çağırıb.
Norveç Futbol Assosiasiyası bu öhdəliklərin əməli işdə necə təcəssüm etdiyini və BMT ilə sıx əməkdaşlıq şəraitində DİM-i dəstəklədiyini göstərmək üçün milli futbol komandaları və liqalarla birgə pilot layihəsinə start verir.
BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd deyib: “Birləşmiş Millətlər Təşkilatı dünya birliyində futbolun güclü səsini və DİM barədə məlumatlılıq dərəcəsinin artırılmasında futbolun oynaya biləcəyi rolu etiraf edir. Futbol dünyada ən populyar və ən əlçatan idman növüdür. İnsanların bir yerə toplaşması üçün bircə top olması kifayətdir. Hər gün bütün dünyada milyonlarla insan improvizə edilmiş meydanda, məktəb həyətində və ya böyük stadionda futbol oynayır. Ona görə də biz bu təşəbbüsü böyük həvəs və qürurla başlayırıq”.
2030-cu ilə olan dövrdə davamlı inkişaf sahəsində 17 məqsəd insan həyatının bütün sahələrini, o cümlədən yoxsulluğa və aclığa qarşı mübarizə, təbiətin qorunması, təhsil, səhiyyə və bir sıra başqa sferaları əhatə edir. Bu hədəflər 2015-ci ildə Nyu-Yorkda BMT-nin sammitində qəbul edilib.
Əsas futbol təşkilatları və iri oyunçularla qarşılıqlı fəaliyyətdə həyata keçiriləcək “Futbol qlobal hədəflər uğrunda” layihəsi davamlı inkişafın, bərabərliyin, insan haqlarının və iqlimin qorunmasının təbliğində futbolun potensialından və onun qlobal təsirindən istifadə edilməsini nəzərdə tutur.