DÜNYA


Futbol azarkeşləri körfəzdə bir gecəsi 20 min dollar olan yaxtalar icarəyə götürürlər

Qahirə, 5 oktyabr, AZƏRTAC

Futbol azarkeşləri körfəzdə üzərkən böyük ekranlarda 2022-ci il FIFA Dünya Kuboku matçlarını izləmək üçün Dubayda gecəsi 20 min ABŞ dolları dəyərində superyaxtalar icarəyə götürürlər.

AZƏRTAC xəbər verir ki, dünya çempionatına bilet əldə edə bilməyən on minlərlə futbol azarkeşi Dubayda orijinal seçim ediblər. Onlar Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəxsi yaxta kirayə şirkəti olan “Xclusive Yachts”a müraciət edərək, 70 yaxtadan ibarət bütöv bir donanmanı icarəyə götürmək istədiklərini bildiriblər.

Şirkətin icraçı direktoru Amit Patel “Al Arabia” telekanalına bildirib ki, yaxtaların sifarişlərində 300 faiz artım olub. Onun sözlərinə görə, şirkət dünya çempionatı zamanı hər gün təxminən 3 min nəfərin körfəzə çıxacağını gözləyir. Qiyməti 20 min ABŞ dolları olan bir gecəlik icarə haqqı ilə üç göyərtəli super yaxta olan “Stardom”un göyərtəsində qonaqlar təkcə “Michelin” ulduzlu aşpazın təamlarından deyil, həm də “Skydeck”dən, beş dəbdəbəli kabinədən, özəl yeməkxanadan, bortda olan bardan, “Sky Lounge” və günəş vannası qəbul etməkdən zövq alacaqlar. Eyni zamanda, Dubay şirkətinə təyyarədə futbola baxmaq üçün də çoxlu sifarişlər daxil olub.

“Xclusive Yachts”, həmçinin JBR, “Atlantis”, “Burj al Arab” və “Dubai Marina” kimi Dubayın ən məşhur məkanlarının yaxınlığından keçən qayıqlarda bir neçə saat futbol matçlarını izləmək istəyən azarkeş qrupları üçün “ortaq xidmət” təklifini irəli sürüb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.