İDMAN
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb
Azərbaycan millisi seçmə mərhələnin E qrupunda yer alıb
Bakı, 2 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası seçmə mərhələnin E qrupunda yer alıb. Qrupda millimizin rəqibləri Xorvatiya, Uels, Slovakiya və Macarıstan komandaları olacaq.
Püşkatmanın nəticələrini təqdim edirik:
A qrupu: İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro, Kosovo;
B qrupu: Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq;
C qrupu: Niderland, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus;
D qrupu: İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəllütariq;
E qrupu: Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan;
F qrupu: İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları, Malta;
G qrupu: Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya, Latviya;
H qrupu: Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova, Andorra;
I qrupu: Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan, San-Marino;
J qrupu: İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan, Lixtenşteyn.
AFFA mərasimdə geniş heyətlə təmsil olunur. Mərasimə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Avro 2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə əlaqələndiricisi Könül Mehdiyeva və AFFA-nın infrastruktur direktoru, “Avro 2020”nin Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə əlaqələndiricisinin müavini Kamran Vəliyev qatılıblar.
UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə (play-off) yüksələcək.
Avropa çempionatının 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.
Çempionatın bir qrupunun görüşləri, eləcə də dörddəbir final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.