İDMAN
Futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə qarşılaşır
Bakı, 8 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 8-də futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Macarıstan yığması ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, meydana 4-3-3 sxemi üzrə çıxan millimizin start heyətində Səlahət Ağayev, Anton Krivotsyuk, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev (k), Dmitri Nazarov, Qara Qarayev, Riçard Almeyda, Ramil Şeydayev, Renat Dadaşov və Mahir Emreli yer alıblar.
Macarıstan seçməsinin heyətində isə meydana Peter Qulaşi, Mihali Korhut, Botond Barat, Villi Orban, Gerqo Lovrensis, Laslo Kleinheisler, Adam Naqi, Dominik Naqi, Dominik Sobozlai, Balaş Dzudsak (k) və Adam Szalai çıxıblar.
Oyunu hollandiyalı referi Kevin Blom idarə edir.
Hakimin start fitindən əvvəl UEFA-nın sabiq prezidenti, 1990-2007-ci illərdə bu quruma rəhbərlik etmiş Lenart Yohanssonun vəfatı ilə əlaqədar sükut dəqiqəsi elan olunub.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ikinci oyununda iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Həmin matç da “Bakcell Arena”da keçiriləcək.
Avropa çempionatının 60 illik yubileyinə həsr olunan “Avro 2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.
Foto İlqar Cəfərov, Rəşad Mehdiyev