DÜNYA


Futbol üzrə İran millisinin dünya çempionatında qələbəsi Tehranda böyük coşqu ilə qeyd edilib

Tehran, 16 iyun, AZƏRTAC

Futbol üzrə İran milli komandasının Rusiyada keçirilən dünya çempionatında ilk oyununu qələbə ilə başa vurması Tehranda və digər böyük şəhərlərdə sevinclə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, ötən gecə İranın yığma komandasının Mərakeş millisi üzərində 1:0 hesablı qələbəsindən sonra Tehran sakinləri küçələrə çıxaraq qələbəni coşqunluqla qeyd ediblər.

Milli komandanı əhali ilə yanaşı, rəsmi şəxslər də təbrik ediblər. Prezident Həsən Ruhani və İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani dünən gecə öz müraciətlərində komandanın üzvlərinə qələbə münasibətilə təbriklərini çatdırıblar.

Həsən Ruhani “Twitter” səhifəsində yazıb: “Ölçülüb-biçilmiş bir oyun və ürəyəyatan qələbə ilə İran xalqını şad etdiniz. Uşaqlar, minnətdarıq”.

Əli Laricani isə qələbə münasibətilə təbrikində vurğulayıb: “İran İslam Respublikası övladlarının qeyrəti və izzəti dünya xalqlarına nümayiş etdirildi ki, hamı İranın qəhrəman gənclərinin iftixar yaratmalarının şahidi olsun”.

Xatırladaq ki, İran növbəti oyunda İspaniya milli komandası ilə qarşılaşacaq.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.