İDMAN
Futbol üzrə Malta millisi hava limanında alqışlarla yola salınıb
Bakı, 15 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 14-də UEFA Millətlər Liqasının 4-cü turunda Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə edən Malta futbolçuları oyundan dərhal sonra ölkələrinə yollanıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda maltalı futbolçular ölkələrindən gəlmiş bir qrup azarkeşlər tərəfindən coşqu ilə qarşılanıblar. Qonaq komandanın futbolçuları heç-heçə sevincini azarkeşləri ilə bölüşüblər.
Xatırladaq ki, dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir.
Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib.
Millimiz növbəti oyununu noyabrın 17-də Bakıda Farer Adaları yığmasına qarşı keçirəcək.