REGİONLAR
Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatında beşinci turun oyunları keçirilib
Naxçıvan, 2 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV Naxçıvan Muxtar Respublika çempionatında 5-ci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ən yaddaqalan oyunu Naxçıvan Dövlət Universiteti ilə “Batabat” komandalarının görüşü olub. Doğma arenada Şahbuz futbolçularını qəbul edən tələbələr gözlənilmədən meydanı 0:1 hesablı məğlubiyyətlə tərk ediblər.
Mövsümə iddialı başlayan “Arpaçay” komandası bu turu da qələbə ilə başa vurub. “Sədərək” komandasını qəbul edən şərurlular üç xalı 3:1 hesablı qələbə nəticəsində qazanıblar. Digər görüşdə “Əlincə” Culfada “DİN-Darıdağ” futbol komandasını qəbul edib. Oyuna tam üstünlüklə başlayan qonaqlar sonda 5:1 hesablı qələbəyə seviniblər.
Turnir cədvəlinin lideri “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu beşinci turu da qələbə ilə başa vurub və liderliyini qoruyub. “Qırmızı-ağlar” bu turda Ordubadın “Dübəndi” komandası ilə üz-üzə gəliblər. Qapısını toxunulmaz saxlayan “Araz-Naxçıvan” futbolçuları rəqib qapısından 5 top keçiriblər – 5:0.
“Babək” - “Kəngərli” oyunu isə hava şəraiti ilə əlaqədar olaraq təxirə salınıb.
Bombardirlər siyahısında bu turdan sonra dəyişiklik baş verib. “Arpaçay” komandasının futbolçusu Hüseyn Əliyev 5 qolla siyahıya başçılıq edir. “Araz-Naxçıvan”ın hücumçusu Tağı Seyidov və “Batabat” komandasının futbolçusu Samir Kərimov hərəyə 4 qolla 2 və 3-cü yerləri bölüşürlər.