MƏDƏNİYYƏT


Futbol üzrə dünya çempionatı çərçivəsində azarkeşlərin Azərbaycana səfər imkanları müzakirə olunub

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri 2022-ci ilin noyabr ayında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı çərçivəsində azarkeşlərin Azərbaycana səfərinin təşkili, onların qonaqlanması və bu istiqamətdə turist axınının artırılması məsələlərini müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Qətərə səfər edəcək əcnəbilərin Azərbaycana qısamüddətli turizm səfərlərinin təşviq edilməsi, Şərq ölkələrindən Azərbaycana turist cəlb edən şirkətlərlə onların tərəfdaşları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yarışlar ərəfəsində Qətərdə marketinq kampaniyalarının artırılması, eləcə də onlayn platformalarda Azərbaycanın turizm imkanlarının tanıdılması, B2B və B2C formatlı görüşlərin keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində, həmçinin Azərbaycan üçün daha əlverişli hədəf ölkələrin seçilməsi, Qətərə birbaşa aviauçuşların təşkili məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci ildə Qətər dövlətində təşkil ediləcək futbol üzrə dünya çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı bu ölkəyə səfər çərçivəsində Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2022 FIFA Dünya Kubokunun beynəlxalq təşkilatçıları olan “Q22” Şirkətinin və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənədi, eləcə də oyun bileti və ya biletin əldə olunmasını təsdiq edən sənəd olduğu təqdirdə əcnəbilər sadələşdirilmiş viza əldə edə biləcəklər.

Məlumat üçün bildirək ki, futbol üzrə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək davam edəcək. Yarışlarda 32 komanda iştirak edəcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.