İDMAN
Futbol üzrə dünya çempionatının pley-off mərhələsinə yekun vurulmuşdur VİDEO
Bakı, 2 iyul (AZƏRTAC). Braziliyada təşkil olunmuş futbol üzrə XX dünya çempionatında Belçika – ABŞ oyunu ilə pley-off mərhələsinə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, iyulun 1-də Salvador şəhərindəki “Arena Fonte Nova”da təşkil olunmuş oyunun əsas vaxtında hesab açılmamışdır.
Əlcəzairli baş hakim Camel Haimoudinin idarə etdiyi görüşün əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılmışdır. Matçın 93-cü dəqiqəsində Belçika millisinin futbolçusu Kevin De Bruyne hesabı açmışdır. Oyunun 105-ci dəqiqəsində Romelu Lukaku ikinci topu ABŞ millisinin qapısından keçirimişdir. Üç dəqiqə sonra ABŞ futbolçusu Julian Qrin hesab arasındakı fərqi azaltmışdır.
Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Belçika millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlmişdir.
Artıq mundialın bütün dörddəbir finalçıları müəyyənləşmişdir. Belə ki, iyulun 4-də Fransa – Almaniya, Braziliya – Kolumbiya, bir gün sonra isə Argentina - Belçika və Hollandiya – Kosta-Rika oyunları keçiriləcəkdir.