İDMAN


Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib

Bakı, 7 may, AZƏRTAC

Futzal üzrə Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunun və final qarşılaşmasının qalibi müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildiriblər ki, hər iki oyun mayın 7-də Bakı İdman Sarayında keçirilib.

Əvvəlcə meydana bürünc medalının sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları çıxıblar.

Bürünc medal uğrunda görüşdə “Neftçi” İK rəqibini 6:2 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində “Neftçi” İK mövsümü üçüncü pillədə başa vurub və bürünc medalın sahibi olub.

Sonra keçirilən “Araz-Naxçıvan” və EKOL komandalarının oyununda ölkə çempionunun adına aydınlıq gətirilib.

Oyun Naxçıvan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Araz-Naxçıvan” tarixində 16-cı dəfə Azərbaycan çempionu adını qazanıb.

Bu görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunub.

Mərasimdə mükafatları komandalara AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov təqdim ediblər.

Ardınca müxtəlif nominasiyalar üzrə fərqlənənlərə fəxri kürsüyə dəvət olunub. Ən yaxşı qapıçı Emin Kürdov (EKOL), ən yaxşı oyunçu Rizvan Fərzəliyev (Araz-Naxçıvan), ən yaxşı məşqçi isə Elşad Quliyev (Neftçi İK) seçilib. Mövsüm ərzində 46 qol vuran Maneka bombardir olub.

Daha sonra “Neftçi” İK-ə bürünc, EKOL-a gümüş, “Araz-Naxçıvana” qızıl medallar təqdim olunub.

Sonda “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyevə çempionluq kuboku verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.