İDMAN


Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi mətbuat konfransı keçirib

Bakı, 21 yanvar, AZƏRTAC

Hazırlığımız davam edir. Hər gün hər hansı boşluğu aradan qaldırmaq üçün çalışırıq. Amma bəzən çətinliklə də üzləşirik. Bu gün iki futzalçımızın – Rövşənlə Qalonun PCR testlərinin nəticəsi pozitiv çıxdı. Birdən-birə iki oyunçunu itirmək çətindir. Onlar ilk beşliyin üzvləridirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatında D qrupunun I tur matçından əvvəl mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis deyib: “Heç vaxt deyə bilmərəm ki, komanda 100 faiz hazırdır. Bunun üçün uzun zaman lazımdır. Biz məşqlərə başladığımız gündən göstəricimiz artan xətt üzrə gedir. Bu gün axşam rəqibin oyununa da baxacağıq, videoanalizləri futzalçıların diqqətinə çatdıracağıq. Rəqibimiz debütant olsa da, güclü komandadır. Hazırda yaxşı vəziyyətdədirlər. Yoldaşlıq oyunlarında qazanılan qələbə onların psixoloji durumunu yaxşılaşdırıb. Ancaq unutmayaq ki, yoldaşlıq oyunları ilə Avropa çempionatının final mərhələsi fərqli yarışdır. Onlardan qorxmuruq, ancaq hörmət edirik. Ümid edirəm ki, sabah tam heyətlə zala yollanacağıq və maraqlı oyun keçirəcəyik”.

Milli komandanın qapıçısı Emin Kürdov isə bildirib ki, pandemiya ilə əlaqədar yarışa hazırlaşan komandalar çətinliklərlə qarşılaşır: “Pandemiya ilə əlaqədar necə ki, final mərhələsinin təşkilat komitəsi əziyyət çəkir, problemlərlə üzləşir, yarışa hazırlaşan komandalar da o cür çətinliklərlə qarşılaşır. Məsələn, Belçika ilə yoldaşlıq oyununa gəldik, amma iki futzalçımızın test nümunələri pozitiv çıxdığına görə, onlar görüşdə iştirak edə bilmədilər. Bu gün isə oyundan qabaq məşqə 2 nəfər azlıqda gəldik. Ümid edirəm ki, hər iki komanda yoldaşımızın növbəti PCR testinin nəticəsi neqativ olacaq”.

Qapıçı əlavə edib: “Hansı komandanın immuniteti güclü olacaqsa, Avropa çempionluğunu onlar bayram edəcək. İnşallah ki, biz daha güclü olarıq. Hazırlığımız yaxşı keçir. Baş verənləri bəhanə etmək istəmirik. Çalışırıq ki, olanlar bizə psixoloji olaraq mənfi təsir etməsin. Rəqib güclü komandadır. Zəif milli bu mərhələyə yüksələ bilməz. Heyətlərində təhlükəli futzalçılar var, amma adlarını çəkmək istəmirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.