ELM VƏ TƏHSİL


Futzal üzrə respublika birinciliyinin bağlanış mərasimi keçirilib YENİLƏNİB

Bakı, 13 may, Ş.Abdullayeva, AZƏRTAC

Mayın 13-də Bakı İdman Sarayında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin final qarşılaşması və bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Respublika birinciliyi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilib. Yarışlarda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Final mərhələsində Azərbaycan Tibb Universiteti (ATU) və Gəncə Dövlət Aqrar Universitetinin komandaları III yer uğrunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandaları isə I yer uğrunda mübarizə aparıblar.

ADBTİA I, UNEC II, Tibb Universiteti isə III yeri tutub.

Komandaların mükafatlandırılması mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov respublika birinciliyinin əhəmiyyətinə toxunub. O bildirib ki, birinciliyin keçirilməsi futzal idman növünün kütləviliyinin təmin edilməsində xüsusi rol oynayır. “Yarışın əsas məqsədi tələbələr arasında futbolun təbliği və kütləviliyinin təmin edilməsi, perspektivli idmançıların aşkarlanmasıdır. İnanıram ki, bu birincilik idman tarixində yadda qalacaq”, – deyə nazir müavini qeyd edib.

Xatırladaq ki, respublika birinciliyində ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən 32 komanda iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 11-i isə regionları təmsil edib. Birincilik yarımqrup oyunları, pley-off, yarımfinal və final mərhələləri üzrə təşkil edilib. Yarışların pley-off mərhələsində ümumilikdə 11 ali və 1 orta ixtisas təhsili müəssisəsinin komandaları olmaqla 12 komanda iştirak edib.

600-ə yaxın tələbənin qatıldığı yarış ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliği və kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.