ELM VƏ TƏHSİL


Futzal üzrə respublika birinciliyinin qrup mərhələsi başa çatıb

Bakı, 25 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin qrup mərhələsinə yekun vurulub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qrup mərhələsində 32 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 11-i isə regionları təmsil edib. Altı yarımqrup üzrə keçirilən oyunlar Azərbaycan Memarlıq və İnşaat, Texniki, Dövlət Neft və Sənaye universitetlərinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl rayon Olimpiya İdman Kompleksinin idman zallarında təşkil edilib.

Hər qrup üzrə birinci və ikinci yerləri tutan komandalar “play-off” mərhələsinə vəsiqə qazanıb. Növbəti mərhələ üzrə oyunlar aprelin 29-da start götürəcək.

Yarışlarda Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər, Dövlət İqtisad, Dövlət Pedaqoji, Tibb universitetləri, Gəncə, Lənkəran Dövlət universitetləri, Azərbaycan Dövlət Aqrar Universiteti və Şamaxı Dövlət Regional Kollecinin komandaları mübarizə aparacaq.

Yarışa mayın 13-də yekun vurulacaq.

Birinciliyin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçıların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.