İQTİSADİYYAT


Füzuli Beynəlxalq hava limanının tikintisi davam etdirilir

Füzuli, 1 fevral, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı zamanı möhtəşəm Qələbə əldə edilib. Bu möhtəşəm Qələbə nəticəsində işğal altındakı ərazilərimiz düşməndən azad olunub.

Hazırda Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı bir sıra layihələrin icrası barədə tapşırıq verilib. Bu layihələr sırasında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının tikintisi və bölgəyə turizm marşrutlarının işlənib hazırlanması da yer alıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, işğaldan azad olunmuş Füzuli rayonu ərazisində “Füzuli Beynəlxalq hava limanının tikintisi” layihəsi üzrə tikinti işləri yerinə yetiriləcək.

AZƏRTAC xəbər verir ki, layihə ilə tanışlıq məqsədilə aeroportun tikildiyi əraziyə mediatur təşkil olunub. Layihələndirmənin tərkibinə bir sıra obyektlər daxildir. Bu obyektlərə aerovağzal (terminal) binası, 3000x45 metr ölçüdə asfalt-beton örtüklü uçuş-enmə zolağı, perron, yönəldici yol, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, aeronaviqasiya və meteoroloji avadanlıqlarının quraşdırılması, transformator yarımstansiyalarının tikintisi (1 ədəd 2x1000 kVa gücündə və 2 ədəd 2x400 kVa gücündə), köməkçi binalar, qurğular və xarici mühəndiskommunikasiyalarının inşası (elektrik, qaz, su və rabitə) aiddir.

Hazırda hava limanının aerodrom ərazisinin 250 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən tədbirlər həyata keçirilir. Ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal “AARDVARK” modelli mexanizm alınaraq əraziyə gətirilib və hazırda çalışır.

İlk növbədə “Füzuli Beynəlxalq hava limanı”nda uzunluğu 3000 metr, eni 45 metr olan asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisinə peşəkarlığı ilə seçilən və müasir texniki bazaya malik olan “AzVirt” MMC şirkəti tərəfindən başlanılıb. Layihəyə əsasən, ümumilikdə 238 min kvadratmetr sahədə asfalt-beton örtüklü uçuş-enmə zolağı, yönəldici yol və perronun tikintisi planlaşdırılır.

Hazırda minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxardılması işləri həyata keçirilir. Uçuş-enmə zolağının işıq-siqnal sistemləri, eləcə də radionaviqasiya və meteoroloji avadanlıqlar ilə təchiz edilməsi üçün xarici şirkətlərlə müqavilələr bağlanıb.

"Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Etibar Hüseynov bildirib ki, bu avadanlıqlar 2021-ci ilin sonunadək Azərbaycana gətirilərək Füzuli hava limanında quraşdırılacaq.

“Layihəyə əsasən, “Füzuli 110/35/10 kilovoltluq yarımstansiyasından 6 kilometr 10 kV-luq xarici elektrik xəttinin, 4 kilometr 10 kV-luq daxili elektrik xəttinin, işıq-siqnal sisteminin quraşdırılması üçün 130 kilometr elektrik kabel xətlərinin və digər xarici və daxili mühəndisi şəbəkənin çəkilməsi planlaşdırılır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, uçuş-enmə zolağının istismara verilməsi ilin sonunadək həyata keçiriləcək.

Əlavə olaraq, Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi məqsədilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır və cari il aprel ayının sonunadək işlər tamamlanacaq", - deyə E.Hüseynov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.