REGİONLAR
Füzuli Muğam Mərkəzində Fikrət Əmirovun 100 illiyi qeyd edilib VİDEO
Füzuli, 1 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Horadiz şəhər Muğam Mərkəzində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyinin təşkilatçılığı və Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli rayon nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib.
Çıxışlarda bildirilib ki, Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəylinin və Boris Zeydmanın sinfində təhsil alan dahi bəstəkar səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə başlayıb. Fikrət Əmirovun ən uğurlu əsərlərindən birinin simli orkestr üçün yazdığı "Nizami" simfoniyası olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub.
Qeyd edilib ki, Azərbaycan musiqisinin incilərindən sayılan "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında səsləndirilib. Həmçinin bildirilib ki, F.Əmirov "Azərbaycan" simfonik süitasının, musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan "Sevil" operasının banisidir. Bəstəkarın yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifidir. Bundan başqa, 1970-ci illərdə "Nəsimi" vokal xoreoqrafik poemasının, simfonik orkestr üçün "Azərbaycan qravürləri" əsərinin, "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamının, "Min bir gecə" nağılları əsasında eyniadlı baletin və "Nizami" baletinin müəllifidir.
Daha sonra Füzuli rayon mədəniyyət müəssisələrinin əməkdaşları dahi bəstəkarın yaradıcılığının ayrı-ayrı məqamlarından söhbət açıblar. Rayon incəsənət ustalarının ifasında bəstəkarın repertuarından musiqilər səsləndirilib.