REGİONLAR
Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzi elektrik enerjisinin təchizatında fasilələrin yaranmasını tam aradan qaldıracaq
Füzuli, 7 oktyabr, AZƏRTAC
Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündə olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Füzuli rayonuna səfər edən jurnalistlərə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasına imkan yaradacaq. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edəcək, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verəcək. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalacaq. Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqqında məlumatları onlayn qaydada əvvəlcədən ala biləcəklər.
"Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılacaq. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edəcək. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirəcək. Yarımstansiya qapalı tipli olacaq, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçiriləcək, daimi işçi heyətinə ehtiyac qalmayacaq", - deyə Araz Məmmədzadə vurğulayıb.