SİYASƏT


Füzuli aeroportuna ilk xarici uçuşun Türkiyə Prezidenti tərəfindən həyata keçirilməsi Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır

Bakı, 26 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi və aeroporta ilk xarici səfərin qardaş ölkə tərəfindən gerçəkləşməsi Azərbaycan üçün böyük tarixi əhəmiyyət daşıyır. Həmçinin Türkiyə də bu tarixi hadisədə əsas rollardan birini oynadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri region dövlətlərinə bir mesaj idi. Bu səfər, ilk növbədə, Azərbaycan və Türkiyənin birlikdə olduğunu nümayiş etdirdi. Bu, eyni zamanda, Azərbaycanın Türkiyəyə yönələn vəfa davranışıdır. Çünki 44 günlük savaşda müddətində Azərbaycana ən çox mənəvi dəstək verən ölkə Türkiyə idi.

Bunu AZƏRTAC-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Fazil Mustafa deyib: “Azərbaycanın quruculuq işlərində, bölgənin dirçəlməsində önəm verdiyi əsas ölkənin yenə də Türkiyə olduğunu göstərməsi baxımından bu səfər olduqca mühümdür. Digər tərəfdən, həm də Zəngilanda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi, Türkiyə şirkətlərinin bu proseslərdə iştirakı münasibətlərin çoxşaxəli olmasının əyani sübutudur. Türkiyənin işğaldan azad olmuş ərazilərimizdə infrastrukturun qurulmasında, yol tikintisində önəmli rol alması onu göstərir ki, bölgədə əsas hərbi təhlükəsizlik, siyasi birlik baxımından yaxınlıqdan əlavə, həm də iqtisadi cəhətdən birlikdə koordinasiyalı şəkildə addımlar atılır. Bu istiqamətdə atılan addımlar Türkiyənin işğaldan azad edilmiş ərazilərimizin yenidən canlanmasında böyük rolu olacağını göstərir. Bu, həm də Zəngəzur dəhlizinin açılmasına yönələn ilk addımıdır”.

Deputat qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı bütövlükdə bölgə üçün çox böyük əhəmiyyət daşıyır. Kommunikasiyaların açılması və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması Türkiyənin özü üçün də çox faydalı olacaq. Çünki bölgədə bilavasitə məsafənin yaxınlaşması və xüsusilə Azərbaycanın Qarabağla bağlı layihələrinin həyata keçirilməsinin asanlaşması baxımından bu, olduqca faydalı addımdır. Qısa müddətdə, 8 ay ərzində Azərbaycan minalanmış ərazini təmizləyərək Füzuli Beynəlxalq Hava Limanını inşa etməklə həm də öz gücünü göstərdi. Şuşa Bəyannaməsindən sonra bu, Türkiyənin atdığı çox önəmli diplomatik addımdır. Bu, hər bir dosta, hər bir düşmənə , hər bir bədxaha da çağırışdır ki, Azərbaycan tək deyil. Azərbaycan Türkiyə ilə bundan sonra da bütün prosesləri uğurla irəli aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.