REGİONLAR
Füzuli: kanallar lildən təmizlənir, yeni subartezian quyuları qazılır VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Füzuli rayonunda yaşayan fermerləri suvarma suyu ilə təmin etmək üçün hər il yeni layihələr icra olunur. Rayon ərazisində əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması isə ən öndə duran məsələlərdən biridir. Bu məqsədlə Füzuli Suvarma Sistemləri İdarəsi hər il mövsümə uyğun olaraq meliorativ tədbirlərini plana uyğun olaraq davam etdirir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, suvarma suyunun əkin sahələrinə maneəsiz və itkisiz çatdırılması üçün idarə tərəfindən bu il torpaq məcralı kanalda beton işlərinə start verilib. Uzunluğu 24 kilometrə yaxın olan "Qurultay" suvarma kanalı hər il beton üzlüklə təmin olunur. Hazırda kanalda beton işlərinə hazırlıq gedir.
Füzuli Suvarma Sistemləri İdarəsinin balansında ümumi uzunluğu 1371 kilometr olan suvarma şəbəkəsi mövcuddur. Bundan 744 kilometri açıq tipli, 626 kilometri isə qapalı tipli şəbəkədir. Bundan başqa, idarə 261 kilometrdən artıq kollektor drenaj şəbəkəsinə də xidmət edir. 2022- ci ildə həmin şəbəkənin 31 kilometrdən çox hissəsinin lildən təmizlənməsi planlaşdırılıb, indiyə qədər 17 kilometri lildən təmizlənib. Quruçay selliyinin Böyük Bəhmənli kənd ərazisində isə 4 kilometr uzunluqda ərazi lildən təmizlənib.
Rayonda son illər əhalinin suvarma və içməli suya olan təlabatının ödənilməsi məqsədilə yeni subartezian quyularının da qazılması davam edir. Bununla yanaşı, nasaz vəziyyətdə olan quyular da təmir olunaraq yenidən istismara verilir.
Qeyd edək ki, Füzuli Suvarma Sistemləri İdarəsi 27200 hektar suvarılan əraziyə xidmət edir. Əsas su mənbələri mənbəyini Araz çayından götürən Baş Mil kanalı,Yuxarı Mil kanalı və Köndələnçaydır. 2022-ci ildə idarənin xidməti ərazisində 12928 hektar payızlıq dənli bitkilər əkilib, tam şəkildə suvarma işləri aparılıb və yüksək məhsuldarlıq alınıb. Hazırda 8000 hektar sahədən çox yem bitkiləri, o cümlədən yonca və digər bitkilərin suvarma işləri davam etdirilir. Bu il eyni zamanda rayon ərazisində 400 hektar sahədə pambıq, 258 hektar sahədə isə şəkər çuğunduru əkilib.