REGİONLAR
Füzuli məktəbliləri Gəncə-Şəmkir-Göygöl bölgəsini yaxından tanıyacaqlar
Füzuli, 26 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Füzuli rayonunun məktəbliləri Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə ekskursiyaya başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 26-da Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonu məktəblilərinin Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün yola salınma mərasimi keçirilib. İctimaiyyət nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdikləri mərasimdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək, maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışıb, şagirdlərə səfərlərinin mənalı keçməsini arzulayıb.
Diqqətə çatdırılıb ki, səfər zamanı məktəblilər əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Gəncənin müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları şəhərin yeni xəritəsində əksini tapıb. Tur-aksiyanın iştirakçıları şəhərin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi və Gəncə Dövlət Filarmoniyasının yeni binasına ekskursiya edəcək, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər.
Məktəblilər Heydər Əliyev Mərkəzində eksponatlarla tanış olub, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, xatirə şəkli çəkdirib, sonra onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl istiqamətində yola düşüblər.