REGİONLAR


Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsinə qoşulublar

Füzuli, 18 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

Bu dəfə keçirilən tur-aksiyanın noyabrın 13-16-nı əhatə edən ilk mərhələsi uğurla başa çatıb. Noyabrın 18-dən isə ikinci mərhələyə start verilib. Dörd gün davam edəcək tur-aksiyaya cəbhə bölgəsində yerləşən Füzuli rayonunun məktəbliləri də böyük həvəslə qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 18-də Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonunun məktəblilərinin Lənkəran-Astara-Masallı istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yer tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Odur ki, tur-aksiya məktəblilərin böyük marağına səbəb olacaq, onların yaddaşında silinməz iz qoyacaq.

Mərasimdə musiqi nömrələri və bədii kompozisiya nümayiş olunub. Rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və valideynlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, sonra onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.