REGİONLAR
Füzuli pambıqçıları çiyid səpininə başlayıblar
Füzuli, 16 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə başlayıblar. Füzuli pambıqçıları iki gün ərzində 135 hektarda səpin həyata keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun işğaldan azad edilmiş ərazilərində bu il 800 hektar sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Səpin aparılacaq sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Çiyid səpininə ilkin olaraq rayonun Əhmədbəyli, Mahmudlu-2, Qarabağ kəndlərinin və “Fin” qəsəbəsi ərazilərində başlanılıb. “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin optimal müddətinə başa çatdırılması nəzərdə tutulur.
“P-Aqro” MMC-nin aqronomu Knyaz Mirzəyev bildirib ki, 143 mülkiyyətçi ilə 500 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlanıb. Artıq 50 hektardan çox səpin həyata keçirilib. Fermerlər toxum, gübrə, dərman və texnikalarla tam təmin olunurlar. Səpin zamanı “Bəyaz altun” və “Ağ qızıl flaş” pambıq sortlarına üstünlük verilir.
Rayonda pambıq səpininə ilkin başlayan fermerlərdən biri Əhmədbəyli kənd sakini Afiq Quliyevdir. Əvvəlki illərdə hektarın məhsuldarlığına görə yüksək nəticələr əldə edən fermer bu ili də uğurla başa vurmaq əzmindədir. "Dövlət tərəfindən pambıqçılığa göstərilən qayğıdan ruhlanaraq 2018-ci ildə 2 hektarda pambıq becərib 8784 kiloqram məhsul götürdüm. Hər hektardan orta hesabla 48 sentner məhsulumuz oldu. Qazancımızdan da razı qaldıq. Bu il aqrotexniki tədbirləri ardıcıl və düzgün həyata keçirərək, məhsuldarlığı daha da yüksəltməyə çalışacağam. Çünki məhsuldarlıq nə qədər yüksək olarsa, qazancımız da o qədər çox olar”, - deyə fermer bildirib.
Keçən təsərrüfat ilində hər hektardan orta hesabla 23 sentner pambıq toplayan Mahmudlu-2 kənd sakini Müşfiq Həsənov isə bu il 15 hektarda çiyid səpini həyata keçirib. Fermer bildirib ki, pambıqçılığın dirçəldilməsi həm də kənd sakinlərin məşğulluğunun təmin olunması deməkdir. Pambıq becərməklə həm öz ailəsinin maddi rifah halını yaxşılaşdırır, həm də təsərrüfatda bir neçə ailə işlə təmin olunur.