CƏMİYYƏT
Füzuli rayonu istiqamətində gedən döyüşləri əks etdirən fotolardan ibarət sərgi açılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində 702-ci briqadanın veteranı, fotoqraf Nurəhməd Vəliyevin 1993-1994-cü illərdə Füzuli rayonunda gedən döyüşləri və atəşkəs dövründə hərbi hissənin fəaliyyətini əks etdirən fotolardan ibarət sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “AzeriDefence” jurnalının dəstəyi ilə keçirilən sərgidə Nurəhməd Vəliyevin arxivindən 100 foto nümayiş olunur.
Tədbirin açılış mərasimində çıxış edən sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, hərb tariximizi yaşatmaq bizim borcumuzdur. Bu sərgidə nümayiş olunan fotoşəkillər tariximiz, keçmişimizdir. Bunlar tarixin yaddaşına əbədi həkk olunub.
Sərginin təşkilini yüksək qiymətləndirən general deyib: “Ən vacibi odur ki, sərgidə nümayiş olunan fotolar bizim döyüş tariximizi əks etdirir. Qəhrəman əsgər və zabitlərimizin igidlikləri unudulmur. Azərbaycan hərb tarixinin mühüm anları bu fotolarda həkk olunub. Bu fotoşəkillər Azərbaycanın igid oğul və qızlarının qəhrəmanlılarının gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır”.
702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov bildirib ki, bu sərgidə nümayiş olunan fotolar qəhrəman əsgər və zabitlərimiz döyüşlərdə olarkən çəkilib. Bu baxımdan sərginin əhəmiyyəti çox böyükdür. Fotoşəkillərdə ümummilli lider Heydər Əliyevin nizami ordunun yaradılması ilə bağlı xalqa müraciətindən sonra ordu sıralarına yazılan və döyüşlərdə yaralanan əsgər və zabitlərimizi görmək mümkündür.
“Ulu Öndərin çağırışından sonra genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi və dahi rəhbərin xeyir-duası ilə uğurlu hücum əməliyyatları təşkil olundu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə ordumuzda və xalqımızda qələbəyə inam yarandı və bundan ruhlanan döyüşçülərimiz uğurlu hücum əməliyyatları ilə Füzuli rayonunun 20-dən çox kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini Ermənistan ordusundan azad etdi. Sərgidə uğurlu Horadiz əməliyyatını əks etdirən fotoların da olması onun marağını daha da artırır”, - deyə Ş.Ramaldanov vurğulayıb.
“AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov, Müdafiə Nazirliyinin birləşmiş həmkarlar təşkilatının sədri Abiyət Ağadadaşova, 702 saylı hərbi hissənin sabiq komandir müavini, ehtiyatda olan polkovnik-leytenant Tariyel Qəhrəmanov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və digər çıxış edənlər Nurəhməd Vəliyevin döyüş yolundan danışıb, hərb tariximizin öyrənilməsi baxımından fotoşəkillərin və sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Bildirilib ki, 702 saylı hərbi hissənin döyüşçüsü və fotoqrafı olan Nurəhməd Vəliyevin əbədiləşdirdiyi fotolar hərb tariximizi öyrənmək baxımından əhəmiyyətli mənbə rolunu oynayır. Onun arxivində 20 minə yaxın fotoşəkil var. Gələcəkdə həmin fotolardan ibarət sərgilərin də təşkili nəzərdə tutulub.
Nurəhməd Vəliyev qeyd edib ki, sərgidə nümayiş olunan fotolar 1991-1996-cı illərdə Füzuli rayonu istiqamətində hərbi əməliyyatları əks etdirir. “Mən döyüşə-döyüşə bu fotoları çəkmişəm və saxlamışam. Gələcək nəsillərimiz Vətənimiz uğrunda döyüşən oğullarımızı, qəhrəmanlarımızı tanımalıdırlar. Bu baxımdan sərginin təşkili çox əhəmiyyətlidir”, - deyən N.Vəliyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.