REGİONLAR
Füzuli rayonunda 260 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək
Füzuli, 7 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Füzuli Subartezian Quyularının İstismarı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayon ərazisində 13 subartezian quyusu qazılıb. Şükürbəyli, Aşağı Seyidəhmədli, Alıxanlı, Gecəgözlü, Babı, Aşağı Kürdmahmudlu, Böyük Bəhmənli, İkinci Mahmudlu kəndlərində qazılan subartezian quyuları tezliklə istifadəyə veriləcək. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 260 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.
Qeyd edək ki, Füzuli rayonunda 3287 hektar əkin sahəsinin suvarılması 109 subartezian quyusunun istismarı ilə həyata keçirilir.