REGİONLAR
Füzuli rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan sərgi açılıb
Füzuli, 13 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində 17 Oktyabr - Füzuli rayonunun işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Füzuli rayon şəhidlərinin geyimləri, sənədləri, fəxri fərmanları, fotoşəkilləri və digər əşyaları, eləcə də rayonun 78 qəhrəman şəhidi haqqında məlumatlar nümayiş etdirilir. Həmçinin şəhidlərimizin həyat yolu və qəhrəmanlıqlarından bəhs edən məqalələr, kitablar və digər nəşrlərlə yanaşı, müharibə zamanı rayon ərazisinə atılmış mərmilərin qalıqları, Füzuli, Zəngilan, Xocavənd və Şuşadan tapılaraq Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə təqdim olunan əşyalar sərgilənir.
Açılış mərasimində şəhid ailələri, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və bir sıra mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlarda şəhidlərin ruhuna göstərilən ehtiramdan danışılıb, onların fədakarlıqlarının unudulmayacağı söylənilib.
Şəhid ailələri isə övladları ilə bağlı xatirələrini bölüşüblər.
Sonda sərgiyə baxış keçirilib.