CƏMİYYƏT
Füzuli rayonunda hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da saat 11:24-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən və saat 12:02-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Alxanlı kəndində bir mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən hərbi təyinatı olmayan metal əşya aşkarlanıb. Həmin sursat agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən iyulun 9-dək ANAMA tərəfindən ümumilikdə 3559 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə dörd mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 102 min 785 kvadratmetr ərazi yoxlanılıb.