REGİONLAR
Füzuli rayonunda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib
Füzuli, 25 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunda koronavirus pandemiyasının yayılması və yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya və maarifləndirmə işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabinetinin koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddətinin dekabrın 28-dək uzadılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən Füzuli rayonunda polis əməkdaşları və yaradılmış mobil qruplar vasitəsilə müvafiq maarifləndirmə tədbirləri görülür. Mobil qrup üzvləri tərəfindən və səsgücləndiricilər vasitəsilə açıq havada və qapalı məkanlarda tibbi maskadan istifadə və sosial məsafənin saxlanılması ilə əlaqədar təbliğat işləri aparır. Dekabrın 28-i saat 06:00-dək açıq və qapalı məkanlarda tibbi maskalardan istifadənin məcburiliyi, şənbə və bazar günləri aptek və ərzaq mağazalar istisna olmaqla digər ictimai iaşə obyektlərinin bağlı olması sakinlərin diqqətinə çatdırılır, maarifləndirmə söhbətləri aparılır.
Füzuli rayonunda karantin rejimi dövründə insanlar arasında kütləvi yoluxmanın qarşısını almaq məqsədilə sanitariya-gigiyena qaydalarına uyğun olaraq Horadiz şəhərində, Bala Bəhmənli, Əhmədbəyli kəndlərində və digər yaşayış məntəqələrində küçə və meydanlarda, ictimai iaşə obyektlərində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.