REGİONLAR
Füzuli rayonunda koronavirusa qarşı mübarizədə maarifləndirmə və təbliğat işləri gücləndirilib
Füzuli, 29 iyun, AZƏRTAC
Füzuli rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horadiz şəhərinin mərkəzi küçələrində, parklarda, yollarda, inzibati və yaşayış binalarının girişlərində, məcburi köçkünlər üçün salınmış Qayıdış, Zobucuq və 400 evlik qəsəbələrdə, Böyük Bəhmənli, Bala Bəhmənli, Əhmədbəyli kəndləri istiqamətində xüsusi məhlullar vasitəsilə dezinfeksiyaedici yuyulma tədbirləri həyata keçirilib.
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri də davam etdirilir. Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmış 42 mobil qrup tərəfindən yaşayış məntəqələrində əhali arasında profilaktik-maarifləndirici söhbətlər aparılır, onlara yazılı təbliğat materialları və maskalar təqdim edilir. Sakinlərlə maarifləndirici söhbətlər zamanı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ictimai nəzarəti gücləndirmək, toplu halında yığışmamaq, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə etmək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək, məsafəni saxlamaq, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur. Qrup üzvləri tərəfindən əhalinin daha sıx yaşadığı ərazilərdə, ictimai binaların girişinə, ərzaq dükanlarının və apteklərin qarşısına, hərəkətin intensiv olduğu küçələrə maarifləndirici lövhələr asılır.
Pandemiya ilə mübarizədə könüllülər də xüsusi fəallıq göstərirlər. Könüllü gənclər Horadiz şəhərində, Kərimbəyli, Yağlıvənd kəndlərində, Zobucuq qəsəbələrində iri ticarət obyektlərinin, apteklərin və müxtəlif inzibati binaların qarşısına koronavirusdan qorunmaq üçün təlimat xarakterli lövhələr yerləşdirirlər.