REGİONLAR
Füzuli rayonunda minaların təmizləndiyi ərazilərə media-tur təşkil edilib VİDEO
Füzuli, 8 may, Aydın Yavərzadə, AZƏRTAC
Erməni işğalından azad olunan ərazilərimiz minalardan təmizlənir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə mayın 8-də bir qrup media nümayəndəsinin Füzuli rayonuna səfəri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.
ANAMA-nın təmizləmə qrupunun əməliyyat meneceri Mədəd Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ermənilər minalanmış əraziyə aid xəritələri vermədiyinə və ətraf ərazilər mövsümə uyğun olaraq yabanı otlarla örtüldüyünə görə minatəmizləmə prosesində çətinliklər yaranır: “Buna baxmayaraq işlər davam edir. Ərazidə minatəmizləmə üzrə mütəxəssislər xüsusi detektorlar vasitəsilə minaların aşkar edilməsi işlərini yerinə yetirirlər. Həmçinin zolaqların açılması üçün uzaqdan idarə olunan minatəmizləmə texnikaları çalışır. Təmizləmə işlərində xüsusi təlim keçmiş itlərdən də istifadə olunur”.
Ərazidə aparılan müşahidələr zamanı Füzuli rayonunda yerləşən köhnə təmas xəttində 1,5 kilometr məsafədə 9 mina xətti aşkar edilib. Hazırda həmin istiqamətdə də təmizləmə işləri görülür. Əhmədbəyli-Füzuli yolunun genişləndirilməsi məqsədilə aparılan əməliyyatlar nəticəsində 13 kilometrlik yolun 8 kilometrində sağ və sol cinahlarda sahələr təmizlənib. Əsasən Rusiya istehsalı olan tank və piyada əleyhinə minalara, eləcə də Ermənistan istehsalı olan piyada əleyhinə minalara rast gəlinir.
ANAMA-nın Horadiz regional idarəsinin əməliyyatlara daxili nəzarət üzrə mütəxəssisi Azər Hüseynov təmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərin mühüm rolu olduğunu deyib: “Hazırda əməliyyatlara 30-dan çox it cəlb olunub. Onun 20-si minaaxtarandır. Dörd baş it isə partlamamış silah-sursatların tapılması üçün yetişdirilib. İtlərin sayının artırılması üçün ANAMA-nın seleksiya mərkəzində 4 baş damazlıq it saxlanılır. Bu itlərdən də 6 baş it əldə olunaraq xüsusi təlim keçilib və sahələrə cəlb edilib”.
Əməliyyatlarda texnikalardan istifadə işlərin geniş ərazidə aparılmasına şərait yaradır. Bu barədə danışan ANAMA-nın mexaniki minatəmizləmə üzrə supervayzeri Asim Nağıyevin sözlərinə görə, əməliyyat planına uyğun olaraq şübhəli ərazilərə texnikalar cəlb edilir. Texnikalar mina xətlərinin aşkar edilməsi ilə yanaşı, riski də azaldır. Texnikalar həm tank, həm də piyada əleyhinə minalara davam gətirmək qabiliyyətinə malikdir. “Relyefin müxtəlifliyinə görə texnikaların təmizləmə işləri dəyişə bilir. Belə ki, 1 saat müddətində 1000-3000 kvadratmetr sahəni təmizləmə gücündə olan minatəmizləyən maşınlar əməliyyatlarda əvəzsiz rola malikdir”, - deyə o əlavə edib.
Media-tur zamanı mina təmizləmə mütəxəssisləri tərəfindən aşkar edilən tank əleyhinə, həmçinin partlamamış silah-sursatların zərərsizləşdirmə prosesi də izlənilib.