REGİONLAR
Füzuli rayonunda oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb VİDEO
Füzuli, 28 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Rayon icra hakimiyyətinin və Füzuli Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə keçirilən tədbir Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Mərkəzi Xəstəxananın tibb işçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bir qrup həkimlə birlikdə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla anıblar. Sonra Zərifə xanım Əliyevanın fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirilib.
Tədbirdə çıxış edən Alı Alıyev Zərifə xanım Əliyevanın həyat yolundan, elmi fəaliyyətindən söz açıb. Qeyd edilib ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanımın traxoma xəstəliyinin müalicəsi sahəsində təklif etdiyi müalicə metodları tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, direktor Elçin Qurbanov, oftalmoloq Şakir Xudiyev və başqaları çıxışlarında bildiriblər ki, Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yolu, oftalmologiya elminin inkişafına verdiyi töhfələr, yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasındakı xidmətləri danılmaz faktdır.
Daha sonra Zərifə xanım Əliyevanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Sonda rayon mədəniyyət evinin hazırladığı konsert proqramı təqdim olunub.