REGİONLAR
Füzuli rayonunda yaşlı insanlara və aztəminatlı ailələrə yardım göstərilir
Füzuli, 1 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilir. Rayon icra hakimiyyətinin əməkdaşları və yerli könüllülər kənd və qəsəbələrdə yaşayan tənha, yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 50 ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar.
Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.