CƏMİYYƏT
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində əkin sahəsində top mərmisi aşkarlanıb
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 21-də saat 09:58-də Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Daxili İşlər Nazirliyinin Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik top mərmisi (OF-56) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 11 min kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.