CƏMİYYƏT
Füzuli rayonunun Birinci Zobucuq qəsəbəsində zenit top mərmisi aşkarlanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da saat 10:05-də Daxili İşlər Nazirliyinin “102 - Zəng mərkəzi” xidmətindən, saat 10:26-da isə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Birinci Zobucuq qəsəbəsi ərazisində bir mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları həmin məlumat əsasında dərhal əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə əkin sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 30 millimetrlik zenit top mərmisi (BR-30) aşkarlanıb. Mərmi zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Həmin sursatın tapıldığı yerin ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə ANAMA tərəfindən yanvarın 1-dən indiyədək Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 4878 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 1, tank əleyhinə 10 mina və 73 kiloqram partlayıcı maddə (ammonit 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. İlin əvvəlindən 382 min 93 kvadratmetr ərazi yoxlanılıb.