CƏMİYYƏT
Füzuli rayonunun Böyük Bəhmənli kəndində top mərmisi aşkarlanıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də saat 12:54-də Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Böyük Bəhmənli kəndində bir mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri DİN-in Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə ərazidə əkin sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 125 millimetrlik top mərmisi (OF-26) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən mayın 5-dək ANAMA tərəfindən 3474 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə 3 mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 76 min 865 kvadratmetr ərazi yoxlanılıb.