REGİONLAR


Füzuli rayonunun “Qayıdış” qəsəbə tam orta məktəbində mina təhlükəsizliyi ilə bağlı təlim keçirilib

Füzuli, 22 oktyabr, AZƏRTAC

Füzuli rayonunun “Qayıdış” qəsəbə 5 nömrəli tam orta məktəbində müəllimlər, valideynlər və şagirdlər üçün Böyük Qayıdış və mina təhlükəsizliyinə aid seminar və təlim keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Təhsil Nazirliyinin “Təhsildə innovasiyalar və inkişaf” üzrə 5-ci qrant müsabiqəsinin dəstəyi ilə “Doğma kəndimizə sağ qayıdaq” adlı layihəsi çərçivəsində təşkil olunub.

Seminarda çıxış edən Füzuli rayonunun “Qayıdış” qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru Təranə Məhərrəmova 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb. O, azad olunan ərazilərimizin minalarla çirkləndirildiyini bildirib, məktəblilərin və bütövlükdə rayon əhalisinin mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edib, layihənin aktuallığından, məqsəd və vəzifələrindən söhbət açıb.

Tədbirdə “Zəfər tariximiz, beynəlxalq humanitar hüquq və təhlükəsiz Böyük Qayıdış” mövzusunda çıxış edən layihənin humanitar məsələlər üzrə eksperti Elçin Sərdarov şanlı Qələbənin əldə olunmasında Azərbaycan xalqının öz Prezidenti ətrafında yumruq tək birləşməsinin, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığının mühüm rol oynadığını bildirib.

Beynəlxalq Qızıl Xaç Təşkilatının nümayəndəsi Nicat Məmmədov “Mina təhlükəsizliyi və bu sahədə görülən işlər və qabaqlayıcı tədbirlər” mövzusunda çıxış edərək mina təhlükəsizliyinə uşaqların və yaşlıların tam məsuliyyətlə yanaşmasının vacibliyini qeyd edib, minalanmış ərazilərə səfərlərin təhlükəli olması və faciəli nəticələri, çətin vəziyyətə düşmüş halda atılacaq düzgün addımlar haqqında iştirakçıları məlumatlandırıb.

Qubadlı və Kəlbəcərin azad olmasına görə medallara layiq görülmüş hərbi həkim, polkovnik-leytenant Vüqar Bağırov “Minadan zərər çəkmiş insana ilk yardım”, məktəbin hərbiyə hazırlıq fənninin müəllimi, Füzuli, Qubadlı və Şuşa uğrunda döyüşmüş və medallarla təltif olunmuş baş leytenant Rahil Babayev “Hərbiyə hazırlıq dərslərində mina təhlükəsizliyinə dair məlumatın təqdim edilməsi və bu sahədə tələbatlar”, Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Aynurə Rəşidova “Postmüharibə dövründə böyük qayıdışa hazırlıqda ailədə uşaqların maarifləndirilməsi” mövzularında çıxış ediblər.

Çıxışlardan sonra mina təhlükəsizliyinə dair interaktiv formatda təlimlər keçirilib. Təlimlərin sonunda məktəblilər çəkdiyi rəsmlərdə və yazılarda azad olmuş doğma kəndləri ilə bağlı arzularını əks etdiriblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.