REGİONLAR
Füzuli şəhər 20 nömrəli tam orta məktəb üçün quraşdırılan modul tipli bina istifadəyə verilib
İmişli, 5 fevral, AZƏRTAC
Füzuli şəhər 20 nömrəli tam orta məktəbi üçün İmişli rayonu ərazisində quraşdırılan modul tipli bina istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova və təhsil şöbəsinin müdiri Ramella Məmmədova müəllim, şagird və valideynləri məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, məcburi köçkünlərə və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar.
Məlumat verilib ki, Prezident İlham Əliyevin "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına Füzuli şəhər 20 və 24 nömrəli tam orta məktəblər üçün modul tipli binalar quraşdırılıb. 20 nömrəli tam orta məktəb üçün İmişli rayonu ərazisində quraşdırılan bina 80, 24 nömrəli tam orta məktəbi üçün Beyləqan rayonu ərazisində qurulan bina isə 56 şagird yerlikdir. Modul tipli binaların üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli binaların tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilib.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və şagirdlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra iştirakçılar məktəbdə yaradılan şəraitlə tanış olublar. Sinif otaqları, direktor və müəllimlər otağı, kitabxana, sanitar qovşaqdan ibarət məktəb binası müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətdə abadlıq işləri aparılıb. Tezliklə 24 nömrəli tam orta məktəb üçün qurulan bina da istifadəyə veriləcək.