REGİONLAR
Füzuli uğrunda şəhid olan 19 yaşlı qəhrəman VİDEO
Xaçmaz, 1 iyul, Elxan Yusifli, AZƏRTAC
On doqquz yaşlı Elsevər Əliyev Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Elsevər Əliyev 2001-ci il avqust ayının 7-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailədə iki bacının tək qardaşı idi. Elsevər orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb. Xidmətdə fərqləndiyinə görə bir neçə dəfə valideynlərinə təşəkkür elan olunub.
Vətən müharibəsi başlayanda Elsevər ailəsinə zəng edərək halallıq istəyib və döyüşlərə qatılıb. Füzulinin yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə Elsevər və əsgər yoldaşları şücaət göstərib, düşmənə ağır zərbələr vurublar.
“Sentyabrın 27-si səhər zəng elədi. Hal-əhval tutandan sonra dedi ki, ana sağ ol mən getdim. Elə o gedən oldu. Bir də gəlmədi. Tək oğlum idi. Onun varlığı ilə yaşayırdım. Elsevər kimi oğlanların sayəsində torpaqlarımız azad oldu”, - deyə şəhidin anası Ülviyyə Əliyeva söyləyib.
Şəhidin atası Hikmət Əliyev deyib: “Sonuncu dəfə zəng edəndə məni soruşub. Mən isə o vaxt təsərrüfatda işləyirdim. Sonra nə qədər zəng elədim, əlaqə saxlaya bilmədim. Oktyabrın 1-də şəhid olması xəbərini aldıq. Əsgərlikdə də digərlərindən seçilirdi. Hamı onu tərifləyirdi”.
Elsevər Əliyevin son döyüşü Füzuli cəbhəsində olub. 19 yaşlı döyüşçü oktyabr ayının 1-də yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulub boya-başa çatdığı Qusarçay kəndində dəfn olunub.
Qəhrəman əsgər ölümündən sonra “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.