REGİONLAR
Füzulidə “Dahi şəxsiyyət” filmi nümayiş olunub
Füzuli, 7 may, Aydın Yavərzadə, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər respublikamızın digər bölgələri kimi, Füzuli rayonunda da davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycanın memarı” adlı tədbir təşkil olunub. Füzuli Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə müəllimlər, məktəblilər, gənclər iştirak ediblər.
İştirakçılar ulu öndər Heydər Əliyevin Füzuli rayonuna səfərlərindən bəhs edən fotosərgiyə baxış keçiriblər. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşələrlə tanışlıq olub.
Tədbir başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.
Rayon icra hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan naminə yorulmaz fəaliyyətindən söz açıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər məhz ulu öndər Heydər Əliyev siyasətinin uğurla reallaşdırılmasının nəticəsidir.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şahanə Kərimova, Horadiz 2 nömrəli tam orta məktəbin direktor müavini Arzu Cəfərova, Arayatılı kənd tam orta məktəbin müəllimi Fariz Rüstəmzadə, Babı kənd tam orta məktəbin müəllimi Ramiz Rüstəmzadə çıxış edərək, Heydər Əliyevin hər zaman xalqımızın qəlbində yaşayacağını, Ulu Öndər siyasətinin bizləri uğurlu, işıqlı sabaha aparacağını bir daha vurğulayıblar.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” filmi nümayiş olunub.