REGİONLAR
Füzulidə “Xalqın xilaskarı” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Füzuli, 6 may, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Xalqın xilaskarı” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, inşa-yazı müsabiqəsi Füzuli Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon ərazisindəki məktəblərin 11-ci sinif şagirdləri arasında keçirilib. Müsabiqədə 26 nəfər 11-ci sinif şagirdi iştirak edib. Müsabiqənin sonunda Qarabağ kənd tam orta məktəbin şagirdi Mustafayeva Firaya Rizvan qızı I yerə, 59 nömrəli tam orta məktəbin şagirdi Rəhimova İlahə Mürvət qızı II yerə, Horadiz şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Allacova Nəzrin İlqar qızı isə III yerə layiq görülüb.
Qaliblərlə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətindən söz açıb, sevincini yaşadığımız Zəfərin də mənbəyində məhz Ümummilli Liderin siyasətinin dayandığını bildirib. O, Prezident İlham Əliyevin bu siyasəti daha da uğurla davam etdirməsi nəticəsində, dövlətimizin öz iqtisadi gücü, hərbi qüdrəti sayəsində böyük Zəfərə qovuşduğunu diqqətə çatdırıb.
Görüşdə qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib.