REGİONLAR
Füzulidə aztəminatlı ailələrə Qurban payları verilib
Füzuli, 12 sentyabr, AZƏRTAC
Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların rəmzi olan Qurban bayramı İslam dinində xüsusı mahiyyət və əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da Qurban bayramı qeyd olunub, xeyriyyə tədbirləri keçirilib.
Horadiz şəhərində qurbanlıq qoyunlar kəsilib, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və imkansız ailələrə bayram sovqatı paylanıb. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bu münasibətlə keçirilən tədbirdə çıxış edərək sakinləri mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayıb.
İcra başçısı “N” saylı hərbi hissədə Vətənimizin keşiyində dayanan əsgər və zabitləri də Qurban bayramı münasibətilə təbrik edərək onlara qurban sovqatları təqdim edib.
Bayram münasibətilə rayonun kəndlərin də qurbanlıqlar kəsilib, aztəminatlı ailələrə paylanıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.